Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda qədim kurqanların müasir rəqəmsal texnologiyalar vasitəsilə öyrənilməsi davam edir.
Bu istiqamətdə işin növbəti mərhələsində qoruq ərazisindəki aid kurqanların yüksək dəqiqliklə sənədləşdirilməsi, üçölçülü rəqəmsal modellərinin hazırlanması və gələcək elmi tədqiqatlar üçün etibarlı məlumat bazasının formalaşdırılması məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəhbərliyi ilə dördgünlük elmi-praktik çöl təlimləri keçirilməsi nəzərdə tutulub.
Təlimlərə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun alim və arxeoloqları, “Keşikçidağ” qoruğunun əməkdaşları cəlb olunub.
Təlim proqramı çərçivəsində müasir arxeoloji tədqiqatlarda geniş istifadə olunan LiDAR (Light Detection and Ranging) texnologiyasının iş prinsipi, tətbiq metodikası, sahə ölçmələrinin aparılması, məlumatların toplanması və emalı, üçölçülü modellərin hazırlanması, həmçinin onların elmi təhlildə istifadəsi üzrə nəzəri və praktiki məşğələlər təşkil olunacaq. LiDAR lazer impulsları vasitəsilə obyektlərə qədər olan məsafəni yüksək dəqiqliklə müəyyən edən uzaqdan zondlama texnologiyasıdır. Bu üsul ərazinin və ya tarixi abidənin üçölçülü rəqəmsal modelinin yaradılmasına imkan verir.
Məşğələlər zamanı mütəxəssislər kurqanların ətrafında müxtəlif trayektoriyalar üzrə hərəkət etməklə onların səthini LiDAR vasitəsilə skan edəcəklər. Toplanmış məlumatlar əsasında kurqanların diametri, hündürlüyü, yamaclarının meyilliyi, relyef xüsusiyyətləri, zamanla baş vermiş dəyişikliklər və digər morfoloji göstəricilər rəqəmsal formada qeydə alınacaq. Daha sonra xüsusi proqram təminatı vasitəsilə bu məlumatlar emal edilərək kurqanların dəqiq üçölçülü modelləri hazırlanacaq.
Hazırlanacaq 3D modellər arxeoloji abidələrin mövcud vəziyyətinin uzunmüddətli monitorinqi, konservasiya və bərpa layihələrinin planlaşdırılması, elmi tədqiqatların aparılması, coğrafi informasiya sistemlərinin (CİS/GIS) yaradılması və rəqəmsal pasportlaşdırma işlərinin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyacaq. Eyni zamanda, əldə olunan məlumatlardan virtual sərgilərin, elmi nəşrlərin, beynəlxalq konfrans və layihələrin hazırlanmasında da istifadə ediləcək.
Təlimlər çərçivəsində iştirakçılar LiDAR texnologiyasının tətbiqi ilə yanaşı, sahədə toplanmış məlumatların emalı, nöqtə buludlarının (Point Cloud) yaradılması, üçölçülü modellərin optimallaşdırılması, rəqəmsal relyef modellərinin hazırlanması və onların elmi təhlili üzrə praktiki biliklər əldə edəcəklər. Bu isə qoruq əməkdaşlarına gələcəkdə analoji ölçmələri müstəqil şəkildə aparmaq və rəqəmsal sənədləşdirmə işlərini davam etdirmək imkanı yaradacaq.























