Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 8-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini, həmçinin Azərbaycan və Naxçıvan MR Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahan iki növbədə – saat 10:00 və 16:00-da təşkil ediləcək. Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasında olmalıdırlar. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytından buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahanın tarixi, keçirilmə yeri, bina və zal nömrəsi, başlanma vaxtı, həmçinin namizədin imtahan binasına gəlmə vaxtı göstərilib. Namizədlər imtahanla bağlı “Yaddaş kitabçası” ilə də tanış ola bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini təqdim etməlidirlər.

Direktor və direktor müavinlərinin işə qəbulu imtahanının müddəti 3 saat, müəllimlərin işə qəbulu imtahanının müddəti isə 2 saatdır.

Direktor və direktor müavinləri üçün keçirilən imtahanda namizədlərin fəaliyyət istiqaməti üzrə normativ-hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək. Bu istiqamət üzrə namizədlərə ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq.

Müəllimlərin işə qəbulu imtahanında isə namizədlərin musiqi, təsviri sənət və xoreoqrafiya istiqamətləri üzrə ixtisas bilikləri, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü yoxlanılacaq. Musiqi istiqamətində ixtisas sualları namizədlərin ixtisaslarına uyğun olaraq milli musiqi və klassik musiqi bölmələri üzrə təqdim ediləcək. Müəllimlər üçün imtahan ümumilikdə 70 qapalı tipli test tapşırığından ibarət olacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək və səhv cavablar ümumi nəticəyə təsir göstərməyəcək.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli tam orta məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün ümumilikdə 1350 namizəd qeydiyyatdan keçib. Onlardan 121-i direktor və direktor müavini, 1 229-u isə müəllim vəzifəsinə namizəddir.