AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlığı çərçivəsində BDU-nun tarix ixtisası üzrə tələbələri üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji yay məktəbi təşkil olunub.
İnstitutdan bildirilib ki, yay məktəbinin əsas məqsədi tələbələrin arxeologiya və keçmiş cəmiyyətlər haqqında nəzəri biliklərini dərinləşdirmək, onların arxeoloji qazıntı prosesində birbaşa iştirakını təmin etmək və tədqiqat bacarıqlarını inkişaf etdirməkdir.
Tələbələr qoruq ərazisindəki Narınqala sahəsində IX–X əsrlərə aid monumental binanın tədqiqinə təcrübəli arxeoloqların nəzarəti altında tədqiqat qrupunun üzvü kimi qoşularaq ilkin peşə bacarıqları qazanırlar. Onlar qazıntı sahəsinin hazırlanması, qazıntı alətlərindən istifadə, artefakt və osteoloji qalıqların aşkar edilməsi, təmizlənməsi, götürülməsi və qeydə alınması qaydalarını öyrənir, həmçinin arxeoloji tapıntıların sənədləşdirilməsi üsulları ilə tanış olurlar.
Yay arxeoloji məktəbində tələbələr çöl arxeologiya üzrə nəzəri təlimlərə də cəlb olunur. Onlar arxeologiyanın elmlər sistemində yeri, arxeoloji abidələr növləri və keçmiş cəmiyyətlərin öyrənilməsində əhəmiyyəti, arxeoloji kəşfiyyat və arxeoloji axtarışlarda tətbiq olunan yeni texnologiyalar, daş dövrü düşərgələrinin, kənd tipli yaşayış yerlərinin və qədim şəhər yerlərinin arxeoloji qazıntı üsulları, mədəni təbəqə və stratiqrafiya, açıq və qapalı arxeoloji komplekslər, arxeologiyada rekokonstruksiya və s. məsələlər üzrə bilgilər əldə ediblər.
Şəmkir arxeoloji yay məktəbi avqustun 9-dək davam edəcək.























