Quba rayonunun Səbətlər kəndi ərazisindəki Orta əsrlər dövrünə aid qədim Təhməzi yaşayış yerində ilk dəfə əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb.
Təhməzi yaşayış yeri 2022-ci ilin iyul və avqust aylarında Səbətlər kəndində aparılan tədqiqatlar zamanı aşkar edilib. Abidə Quba rayon mərkəzindən 30 kilometrədək aralı, Vəlvələ çayının sağ sahilində yerləşir. Kənd əhalisinin “Təhməzi şəhər yeri” adlandırdığı bu yeni abidə indiyədək dövlət qeydiyyatına alınmayıb və bu ərazilərdə heç bir arxeoloji tədqiqat işləri aparılmamışdı.
Arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının O tərəfindən həyata keçirilib.
Ekspedisiyanın rəhbəri Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev bildirib ki, arxeoloji qazıntılar zamanı “Təhməzi yaşayış yeri”ndə iki kəşfiyyat quyusu qazılıb. Hər iki qazıntı sahəsindən son antik və orta əsrlərə aid müxtəlif tip keramika fraqmentləri, daş alətlər (dən daşları, çəki daşları), fauna qalıqları (quş və heyvan sümükləri) əldə edilib: “Aşkarlanan maraqlı arxeoloji tapıntılardan biri də çay daşlarından, çiy və bişmiş kərpiclərdən ibarət müxtəlif tikililərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92, hündürlüyü isə üst-üstə üç kərpic olmaqla 25-27 santimetrdir. Həmçinin 1,7-2,1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və digər artefaktlar müşahidə edilib”.
L.Mustafayev bildirib ki, Qubada aparılan tarixi-arxeoloji tədqiqatlar Azərbaycanın şimal-şərq regionunda antik və erkən Orta əsrlərdə şəhər mədəniyyətinin yaranmasının, maddi irisin və arxeoloji abidələrin xarakterik xüsusiyyətlərinin, əhalinin təsərrüfat həyatının və sənətkarlığın müxtəlif sahələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.






















