Müasir Azərbaycan təsviri sənətində öz dəst-xətti, yaradıcılıq üslubu tanınan və əsərləri ilə Azərbaycan rəssamlığını dünyada tanıdan Soltan Soltanlı bu il 50 illik yubileyini qeyd edir.
İyulun 31-də Bakıdakı “Phigaro Gallery”də sənətkarın yubileyinə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgisi açılıb.
Sərgidə müəllifin son on ildə ərsəyə gətirdiyi işlərdən seçmə nümunələr – yağlı boya ilə kətan üzərində işlənmiş 20 böyük və karton üzərində işlənmiş 25 kiçik rəsm əsəri, kağız üzərində 25 qrafik əsər yer alıb.
Sərgi ilə tanışlıqdan öncə rəssamın yaradıcılıq yolundan, sənət fəlsəfəsindən öz dili ilə bəhs etdiyi qısa film nümayiş olunub.
Soltan Soltanlı qeyd edib ki, onun yaradıcılığının əsas məqsədi həmişə zamandan kənarda mövcud olan və bir çox nəsillər boyu bədii və mənəvi dəyərini qoruyub saxlaya bilən əsərlər yaratmaq olub. Onun fikrincə, əsl sənət müəyyən bir dövrlə məhdudlaşmamalı və ya yalnız indiki reallığı əks etdirməməlidir.
Rəssam vurğulayıb ki, hər bir yaradıcılıq işinin, o cümlədən rəsm əsərinin mənası, anlamı olmalıdır. Bu baxımdan o, yaradıcılıq üslübunu "anlamlı realizm" kimi ifadə edir: “Əsl sənət zamandan, həyatdan və reallığın özündən üstün olmalıdır. Rəssam 100, 300 və ya 500 ildən sonra eyni dərin mənanı daşıyacaq və əhəmiyyətini qoruyub saxlayacaq əsərlər yaratmalıdır. Məhz buna görə də mən əbədi mövzulara müraciət edirəm, çünki onlar zamanla aktuallığını itirmir".
S.Soltanlı qeyd edib ki, onun əsərlərinin əsas mövzusu həmişə eynidir – insan. “Mən həmişə əsərlərimin insan haqqında bəhs etdiyini istəmişəm. Onlar mütləq insanla əlaqəli olmalıdır, çünki məhz insan incəsənətin və onun mənəvi dünyasının mərkəzindədir”, – deyə o əlavə edib.
Rəssam bildirib ki, hər bir əsərdə mənim taleyim, həyata münasibətim var: "Bu, təsadüfi təəssüratdan deyil, çox dərin və dəqiq müşahidələrdən yaranan əsərlərdir. Buna görə də mənim ən sevdiyim bir rəsmim yoxdur – onlardan hər biri mənim üçün eyni dərəcədə yaxın və əhəmiyyətlidir”.
Qeyd edək ki, S.Soltanlı uzun illərdir Azərbaycanı beynəlxalq incəsənət müsabiqələrində, festival və sərgilərdə uğurla təmsil edir. Rəssam çoxsaylı beynəlxalq mükafatların laureatıdır, əsərləri müxtəlif ölkələrdə muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Sənətkarın yubileyinə həsr olunmuş “Zamanın fövqündə” sərgisi avqustun 8-dək davam edəcək.




























