Qusar Dövlət Ləzgi Dram Teatrı 153-cü teatr mövsümünü “Bəxt üzüyü” tamaşası ilə başa vurub.
Tamaşa Qusar şəhərinin general Mahmud Əbilov adına Mərkəzi meydanında açıq səma altında nümayiş etdirilib.
Şəhərin sakinləri əvvəlcə mövsüm ərzində səhnələşdirilən tamaşaların dekor və geyim nümunələrinin, fotoların nümayiş olunduğu sərgi ilə tanış olublar.
Rəsmi hissədə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Böyükxanım Talıbova çıxış ediblər.
Qusar Dövlət Ləzgi Dram Teatrının başa çatan mövsümü yaradıcılıq və inkişaf baxımından məhsuldar bir il kimi qiymətləndirilib. Bildirilib ki, cari mövsümdə repertuar yeni səhnə əsərləri ilə zənginləşib, qastrol səfərləri təşkil olunub.
Şəhid anası Tinatin Cəfərova teatrın kollektivinə Vətən uğrunda canlarından keçən igilərin xatirəsinin yaşadılmasına, şəhid ailələrinə və qazilərə mənəvi dəstək olduqlarına görə təşəkkür edib.
Açıq havada qurulan səhnədə milli rəqs nümunələri nümayiş etdirilib, mahnılar ifa edilib.
Sonra Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşası təqdim olunub.

























