İyulun 7-də Azərbaycan Mətbuat Şurasında “Tusi” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun (1956-1993) 70 illiyinə həsr edilmiş “Həqiqətin keşiyində bir ömür” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri və yaxınları iştirak ediblər.
Mətbuat Şurasının sədri Rəşad Məcid giriş sözündə Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu vurğulayıb. Bildirib ki, o, peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb. Mirzə Əsgərov Azərbaycan Dövlət Universitetini (indiki BDU), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskva şəhərində Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu “Jurnalist sənətkarlığı” üzrə bitirib. 1983-cü ildə Bakı Dərin Dəniz Özülləri zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunub. o, 1987-ci ildən taleyini Azərinforma (indiki AZƏRTAC) bağlayıb. AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri olub.
“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri, professor Yəhya Babanlı çıxışında Mirzə Əsgərovun ömrünü sözə, həqiqətə və cəmiyyətin maariflənməsinə həsr etdiyini deyib. Qeyd edib ki, belə yubiley tədbirləri görkəmli media nümayəndələrinin irsinin yaşadılması və gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, yazıçı, publisist Xeyrəddin Qoca, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktorunun birinci müavini Hümbət Musayev, digər çıxış edənlər Mirzə Əsgərovun Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfələr verdiyini, cəsarətli mövqeyi, milli maraqlara sadiqliyi və peşəsinə bağlılığı ilə seçildiyini diqqətə çatdırıblar. Mirzə Əsgərovun ictimai fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri, vətəndaş mövqeyi və xalqa bağlılığından bəhs edilib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışından (1990) sonra muxtar respublikada baş verən dəyişikliklər, yeniliklər ovaxtkı Azərbaycan rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyev haqqında qərəzli və sifarişli məqalələr yazılır, Naxçıvanla bağlı həqiqətlər məqsədli şəkildə gizlədilirdi. Muxtar respublika, sözün əsl mənasında, informasiya blokadasında yaşayırdı. Mirzə Əsgərov belə çətin, mürəkkəb ictimai-siyasi şəraitdə AZƏRTAC-ın Naxçıvan müxbiri kimi fəaliyyət göstərirdi. Ümummilli Liderlə tez-tez görüşür, yaranmış problemlər barədə ona məlumat verir, məsləhətlər alırdı. Muxtar respublikanı informasiya blokadasından çıxarmaq məqsədilə 1992-ci ildə Ümummilli Liderin təşəbbüsü və xeyir-duası ilə Mirzə Əsgərov “Real” informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis edib.
Qeyd olunub ki, Mirzə Əsgərov məşhur “91-lər” sırasında yer alaraq Yeni Azərbaycan Partiyasının yaradılması prosesində fəal iştirak edib. Bu, sadəcə, siyasi seçim deyildi, bu, onun dövlətçiliyə, milli maraqlara və Azərbaycanın gələcəyinə olan inamının ifadəsi idi.
Həyat yolu qısa olsa da, Mirzə Əsgərov Azərbaycan jurnalistikasında silinməz iz qoyub. O, jurnalistikanı yalnız informasiya yaymaq vasitəsi kimi deyil, milli maraqların müdafiəçisi, cəmiyyətin vicdanı və dövlətçiliyin mühüm dayaqlarından biri kimi qəbul edirdi. Məhz buna görə də onun fəaliyyəti bu gün də peşəkarlıq, prinsipiallıq və vətəndaş məsuliyyəti nümunəsi kimi dəyərləndirilir. O, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Dan Ulduzu” mükafatlarına, Hacı Zeynalabdin Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görülüb.
Ən böyük mükafatı isə insanların etimadı idi. Bu etimadın ən parlaq ifadələrindən biri Ümummilli Lider Heydər Əliyevin Mirzə Əsgərov haqqında söylədiyi fikirlərdir. Heydər Əliyev 1994-cü ildə Fransaya rəsmi səfəri ərəfəsində Azərbaycan jurnalistləri ilə görüşü zamanı onun cəsarətini, əqidəsinə sədaqətini və peşəkarlığını yüksək qiymətləndirərək demişdi: “Bütün jurnalistlərə və qələm sahiblərinə Mirzə Əsgərov kimi cəsarətli, əqidəli, sadiq olmağı tövsiyə edirəm. Belə insanlardan nümunə götürmək lazımdır”.
Tədbirdə Mirzə Əsgərovun ömür yolundan və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda Mirzə Əsgərovun ailəsi adından oğlu Araz Əsgərov çıxış edərək yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Mətbuat Şurasına, “Tusi” Xeyriyyə Cəmiyyətinə, eləcə də tədbirdə iştirak edən bütün qonaqlara səmimi minnətdarlığını ifadə edib.
























