Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 29 iyun – 3 iyul tarixlərində ölkəmizdə Türk Dünyası Həftəsi keçirilib.

Tədbir çərçivəsində müxtəlif ölkələrdən türkoloq alimlər, elm və mədəniyyət xadimlərinin iştirakı ilə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edib.

Əlamətdar hadisənin əhəmiyyətini nəzərə alaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazasını oxuculara təqdim edir.

Kitabxanadan bildirilib ki, elektron bazanın əsas məqsədi bu mövzuda araşdırma aparan tədqiqatçıların, tələbələrin və geniş oxucu auditoriyasının informasiya tələbatını ödəməkdir. Bazada aparıcı media qurumlarının Birinci Türkoloji Qurultayın 100 illik yubileyi və Türk Dünyası Həftəsi ilə bağlı Azərbaycan, rus və ingilis dillərində dərc etdiyi xəbərlər, məqalələr, müsahibələr və analitik yazılar sistemləşdirilərək bir araya gətirilib. Müvafiq bölmədə Türk Dünyası Həftəsi ilə bağlı foto və video görüntüləri də yer alır. 

Bazada kitabxana əməkdaşları tərəfindən hazırlanan “Birinci Türkoloji Qurultay-100” adlı elektron topluya birbaşa keçid mövcuddur. Elektron resurs bazası Türk dünyasının ortaq tarixi və mədəni irsini araşdıran alimlər, mütəxəssislər və geniş oxucu auditoriyası üçün faydalı informasiya mənbəyidir.

Elektron resurs Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilib.