Xəbər verildiyi kimi, 23-26 iyun tarixlərində Özbəkistanın Namanqan şəhərində III Beynəlxalq Məqam Sənəti Forumu (International Maqom Art Forum – 2026) çərçivəsində təşkil olunan festival-müsabiqədə Azərbaycanın muğam ifaçıları uğurla çıxış ediblər.
Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistlərindən ibarət qrup – Kamilə Nəbiyeva (xanəndə), Rəşad İbrahimov (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), Rafael Əsgərov (balaban), Xəyyam Quliyev (ud), həmçinin solo ifa nominasiyasında Azərbaycan Milli Konservatoriyasının tələbəsi Nurəddin Tağıyev (kamança) və Teymur Cəbrayılov (zərb alətləri) birinci mükafata layiq görülüblər.
Həm ansambl, həm də solo nominasiyada qazanılan birincilik Azərbaycan musiqisinin və muğam sənətinin beynəlxalq miqyasda növbəti təntənəsidir.
Bu günlərdə Özbəkistandan qalibiyyətlə qayıtmış ifaçılarla BMM-də görüş keçirilib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə sənətçiləri qazandıqları möhtəşəm uğur münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan muğam məktəbinin beynəlxalq arenada əldə etdiyi növbəti nailiyyət milli musiqi irsimizin zənginliyinin, muğam ifaçılıq ənənələrinin yüksək səviyyəsinin göstəricisidir.
Direktor vurğulayıb ki, ölkəmizdə muğam sənətinin qorunması, inkişafı və dünya miqyasında təbliği istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycan mədəniyyətinin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə verir. O, muğam sənətinə göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycan muğamı dünyanın nüfuzlu səhnələrində səslənir, gənc ifaçılar beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edirlər.
Sahib Paşazadə festival qaliblərinin peşəkarlığını, səhnə mədəniyyətini və muğam sənətinin təbliğinə verdikləri töhfəni yüksək qiymətləndirərək, onlara gələcək yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayıb.
BMM adından festival qaliblərinə təşəkkürnamə və simvolik hədiyyələr təqdim olunub.
























