Azərbaycan Yazıçılar Birliyinin nəşri olan “Ulduz” jurnalının iyun nömrəsi işıq üzü görüb.
Jurnalın rubrikalarında oxuculara maraqlı araşdırmalar, nəsr və nəzm nümunələri təqdim olunur.
“Sənət” rubrikasında Təranə Vahid “Günahsız Abdulla, 62 dəqiqəlik şedevr və 42 il” adlı məqaləsi ilə bir tamaşanın tarixinə işıq tutur.
“Nəsr” bölməsində Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= - F”, eləcə də Mətanət Ulu Şirvanlının “Nənəmin qəbri” hekayələri yer alıb.
Dərgidə İntiqam Yaşar, Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel və Cavid Qasımovun şeirləri də verilib.
Jurnalın bu sayında gənc istedadlara da xüsusi yer ayrılıb. “Debüt” rubrikasının budəfəki qonağı “Yeddi məktub, bir həqiqət” hekayəsi ilə 13 yaşlı gənc müəllif Zəminə Məmmədovadır. “1+1” rubrikasında Fəridə Abdullayeva, İlkin Əhmədoğlu və Əminə Həbibin yaradıcılığı təqdim edilir. Jurnalda, həmçinin Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı və qürbətdə yaşayan Akif Azalpın gənclik illərinə aid şeirləri oxucuların ixtiyarına verilib.
Nəşrin “Dərgidə kitab” layihəsinin budəfəki qonağı “Sözümün canı” əsəri ilə tanınmış tənqidçi Əsəd Cahangirdir.



















