İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Əvvəlcə Dənizkənarı Milli Parkda ənənəvi tennis kortu kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan “Boulevard Sports Club” idman klubunun açılışı olub.
Leyla Əliyeva və Arzu Əliyeva idman klubunda yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.
***
Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ “WasteShark” üzən sutəmizləmə qurğusunun təqdimatı olub.
Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi, əldə olunan nəticələrə əsasən isə Bakı buxtasının daha geniş akvatoriyasında və müxtəlif istifadə formatlarında tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
***
Daha sonra Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihənin - elektrik mühərrikli faytonların təqdimatı olub.
Bildirilib ki, Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan həmin tarixi görünüşlü müasir nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrut üzrə ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları təqdim edir. Qeyd edilib ki, elektrik mühərrikli faytonların istifadəsi müasir, ekoloji və dayanıqlı şəhər mühiti prinsiplərinin təşviqi istiqamətində atılan addımlardan biridir. Sonra qonaqlar üçün elektrik mühərrikli faytonlarla bulvar boyunca gəzinti təşkil olunub.
Açılış və təqdimat mərasimləri zamanı Leyla Əliyeva və Arzu Əliyeva şəhər sakinləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər.
***
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında keçirilən “CandyFest” yay festivalını da ziyarət ediblər.
Bildirilib ki, iyunun 1-dən başlanan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur.
Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkib, köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən “Sehrli mirvari” su sirki şousunu izləyiblər. Daha sonra nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi və akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olunub.


























