İyunun 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 14 nömrəli Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi Vüsalə Məmmədlinin sinif şagirdlərinin iştirakı ilə “Melodiyaların palitrası” adlı konsert keçirilib.

Tədbiri muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov açaraq qonaqları salamlayıb və gənc musiqiçilərə uğurlar arzulayıb.

Məktəbin şagirdləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər. İfa olunan əsərlər böyük maraqla qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru Arzu Mehdiyeva və müəllim Vüsalə Məmmədli muzeyin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində qonaqlar üçün Niyazinin həyat və yaradıcılığına dair ekskursiya aparılıb.