Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində incəsənət ustalarımızın iştirakı ilə qala-konsert təşkil olunub. Konsert Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilib.

Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən “Qarabağ – milli irsin yaddaşı” adlı fotosərgi ilə tanış olublar.

Məlumat verilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatı ilə azad olunan ərazilərimizdə otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti öz əksini tapıb. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən azad torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi də təqdim olunan fotolarda yer alıb.

Sonra Muğamlar Sarayının böyük zalında qala-konsert başlanıb.

Konserti Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Atageldi Şamuradov, mədəniyyət, elm xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. Deyib ki, Türkmənistan ilə Azərbaycanı birləşdirən çox amillər var. Lakin bunların arasında mədəniyyət amili xüsusi əhəmiyyət kəsb edir. Bahar Seyidova Azərbaycanın incəsənət ustalarına uğurlar arzulayıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr ildən-ilə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verir.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.

Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), “Savalan” qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıb.

Alqışlarla qarşılanan proqramda türkmən xalq mahnıları da yer alıb.