“Uşaq dünyası” Musiqi Festivalı çərçivəsində iyunun 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Səda” uşaq xoru  və vokal sinfinin təqdimatında “Retro dalğası” adlı konsert proqramı təqdim edilib.

Dövlət Uşaq Filarmoniyasının zalında keçirilən konsertdə milli kinofilmlərdən sevilən mahnılar, eləcə də Azərbaycan estrada və retro musiqisinin gözəl nümunələri səsləndirilib. Zəngin proqram tamaşaçıları nostalji duyğularla musiqi səyahətinə aparıb.

Gənc ifaçılar tanınmış bəstəkarların əsərlərini böyük həvəslə təqdim edərək yüksək ifaçılıq bacarıqları nümayiş etdiriblər. Xorun təqdim etdiyi iki səsli ifalar konsertə xüsusi rəng qatıb. Səslərin harmonik vəhdəti, incə musiqi çalarlarının ustalıqla çatdırılması və kollektivin yüksək ifa mədəniyyəti rəğbətlə qarşılanıb. Bu çıxışlar gənc xor ifaçılarının peşəkar inkişaf səviyyəsini və musiqiyə olan həssas münasibətini bir daha nümayiş etdirib.

Qeyd edək ki, “Səda” uşaq xorunun bədii rəhbəri Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanova, konsertmeyster Şahin Yəhyazadədir.

Konsert bir daha göstərib ki, belə layihələr gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması, onların səhnə təcrübəsinin artırılması və musiqiyə olan marağının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  

Xatırladaq ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının və M.Maqomayev adına Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkil etdiyi “Uşaq dünyası” Musiqi Festivalı 31 may – 3 iyun tarixlərində keçirilib.