Mayın 23-də Muzey Mərkəzində Bakı-İstanbul liseyi şagirdlərinin “Təbiətin fırça izi” adlı rəsm sərgisi açılıb.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq rəssamı Arif Hüseynov, mədəniyyət xadimləri iştirak ediblər.
Sərgidə liseyin 60 şagirdinin müxtəlif üslub və yanaşmaları əks etdirən əl işləri nümayiş olunub.
Təqdim edilən işlər təbiətin gözəlliklərindən ilhamlanaraq yaradılıb. Əl işləri şagirdlərin daxili aləmini, təsəvvürünü, dünyaya baxışını və incəsənətə olan həssas münasibətini dolğun şəkildə ifadə edir. Bu sərgi yalnız bir təqdimat deyil, eyni zamanda, gənc istedadların özlərini ifadə etməsi üçün mühüm platformadır. Layihə uşaqların yaradıcılıqlarını geniş auditoriyaya təqdim etməsinə imkan yaradır, onların gələcək inkişafı üçün motivasiya mənbəyinə çevrilir.
Eyni zamanda, bu cür təşəbbüslər ölkədə uşaq və gənclərin mədəni inkişafına, incəsənətə olan marağın artmasına və yaradıcı düşüncənin təşviqinə mühüm töhfə verir.
























