Mayın 21-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi (RMİ) və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Qazaxdan ucalan poeziya günəşi” başlıqlı tədbirdə Qazax-Tovuz RMİ-nin rəis vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialının sədri Barat Vüsal, şəhid ailələri, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Şair haqqında film nümayiş etdirilib.
Şairə Gülsənəm Cəlili çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamının şairin ədəbi irsinə, ümumilikdə ədəbiyyatımıza göstərilən diqqət və qayğının nümunəsi olduğunu vurğulayıb.
AYB-nin Qazax zona filialının sədri Barat Vüsal poeziyamızın görkəmli nümayəndəsi kimi Səməd Vurğun irsinin Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu deyib.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova bildirib ki, Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir.
Şairlər Cavanşir Rüstəm və Kazım Kazımlı Səməd Vurğuna həsr olunmuş şeirlər söyləyiblər.
Qazax Dövlət Dram Teatrının aktyorları Hacı Hacıyev və Məlahət Vəliyevanın ifasında şairin “Şair nə tez qocaldın sən” şeiri əsasında kompozisiya, Hüseynbəyli kənd kitabxana filialının müdiri Gülşən Hadıyevanın ifasında “Ananın öyüdü” kompozisiyası nümayiş etdirilib.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.


























