Mayın 19-da Milli Xalça Muzeyində müasir Azərbaycan təsiri sənətinin görkəmli nümayəndəsi, tanınmış qalereyaçı Eldəniz Babayevin “Sənət körpüsü... Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanda Atatürk Mərkəzi, Bakı Yunus Əmrə İnstitutu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Bakı Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini Fikri Ataoğlu, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Azərbaycan Milli Məclisinin komitə sədri Fazil Mustafa, Xalq rəssamı Səlhab Məmmədov, Bakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Rüfət Mahmud, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış ediblər.
Çıxışlarda incəsənətin xalqların ortaq yaddaşı, ölkələr arasında mühüm mənəvi körpü və mədəni dialoqun möhkəmləndirilməsində əsas amil olduğu vurğulanıb. Qeyd edilib ki, Eldəniz Babayevin yaradıcılığı Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafına töhfə verir, ortaq tarixi dəyərlərin qorunmasını və Türk dünyasında əməkdaşlığın gücləndirilməsini təşviq edir.
Yubilyara müxtəlif qurumlar adından diplom, xatirə hədiyyəsi, təbrik məktub-plaketləri təqdim olunub.
Bədii hissədə Azərbaycan və Türkiyə rəqs nümunələri (Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şüvəlan Mədəniyyət evinin “Səma” rəqs ansamblı), "Qarabağ şikəstəsi" (Əməkdar artist İlkin Əhmədov), Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən mahnılar (müğənni Nurlana Abdullayeva) səslənib.
Tədbirin davamında rəssamın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Azərbaycan Televiziyasında ərsəyə gələn filmdə Eldəniz Babayevin həyat və sənət yoluna, yaradıcılığına, eləcə də qalereyaçı kimi fəaliyyətinə nəzər salınır, Azərbaycan, Türkiyə və eləcə də digər ölkələrdən tanınmış simaların, mədəniyyət xadimlərinin, diplomatların rəssam haqqında xoş sözləri diqqətə çatdırılır.
Sonra sərginin simvolik açılış lenti kəsilib və qonaqlar ekspozisiya ilə tanış olublar.
Sərgidə müxtəlif üslub və janrlarda yaradılmış 50-yə yaxın əsər nümayiş olunur.
Ekspozisiya Eldəniz Babayevin 55 illik yubileyi münasibətilə təşkil edilib. Rəssamın doğum gününün və sərginin açılış tarixinin Qazi Müstafa Kamalın öndərliyi ilə türk xalqının qurtuluş və istiqlal mücadiləsinin başlandığı (1919-cu il) tarixin ildönümünə, 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına təsadüf etməsi Azərbaycanla Türkiyə arasında incəsənət dili ilə ifadə olunan tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını bir daha simvolizə edir.
Sərgidə Ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, həmçinin Türk dünyasının tarixində, Azərbaycan və Türkiyənin istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, böyük söz ustadlarının portretləri var.
Ekspozisiyada rəssamın ötən il yaratdığı “Atatürk İş Bankının əməkdaşlarını salamlayır” tablosunun eskizi xüsusi yer tutur. Qeyd edək ki, Türkiyə İş Bankınını sifarişi ilə ərsəyə gətirilən bu möhtəşəm əsər bankın İstanbuldakı mərkəzi ofisində nümayiş olunur.
Bununla yanaşı, sərgidə Azərbaycan və Türkiyənin mədəniyyətini, adət-ənənələrini, milli xalça naxış və motivlərini əks etdirən əsərlər təqdim edilir. Türk xalqları ilə macar xalqı arasındakı tarixi dostluğa həsr olunmuş əsərlər, macar milli şairi Şandor Petöfinin portreti də ekspozisiyada yer alıb.
Milli Xalça Muzeyində Eldəniz Babayevin “Sənət körpüsü... Azərbaycan – Türkiyə” sərgisi iyunun 2-dək davam edəcək.
Vüqar Orxan




























