Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki "Çıraqqala-Şabran", "Qədim Şəmkir şəhəri" və "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruqları Qazaxıstanın “Saraishyq” Dövlət Tarixi-Mədəniyyət Muzey-Qoruğu tərəfindən Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil edilmiş onlayn elmi tədbirdə təmsil olunub.
Türk dünyasının ortaq mədəni irsinin tədqiqi və beynəlxalq elmi əməkdaşlığın inkişafına xidmət edən tədbir çərçivəsində “Orta əsrlərdə türk dövlətləri və onların mədəni əlaqələri” mövzusunda dəyirmi masa və “Türk xalqlarının ortaq tarixi-mədəni irsi” adlı onlayn sərgi keçirilib.
Bu barədə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğundan məlumat verilib.
Dəyirmi masada "Keşikçidağ" qoruğunun könüllüsü Məmmədov İsrayıl “Keşikçidağ” qoruğunun arxeoloji irsi və türk dünyasının ortaq mədəni dəyərləri” mövzusunda elmi məruzə ilə çıxış edib.
Azərbaycan, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyasından qoruq və muzey təmsilçilərinin qatıldığı tədbirdə mədəni irsin qorunması və beynəlxalq elmi əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.






















