Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşası hazırlanır.
Teatrdan bildirilib ki, səhnə əsəri dostluq, cəsarət və mərhəmət kimi dəyərləri ön plana çıxaran alleqorik nağıl üzərində qurulub. Meşədə baş verən hadisələrin mərkəzində ağıllı qurbağa ilə qorxaq dovşanın dostluğu dayanır.
Meşə hökmdarı Şir tərəfindən heyvanlardan qurban tələb olunması hadisələri daha da gərginləşdirir. Hiyləgər Tülkünün oyunları nəticəsində Dovşan təhlükə ilə üzləşir. Lakin Qurbağa öz ağlı və cəsarəti ilə plan quraraq dostunu xilas edir və ədalətin bərpa olunmasına nail olur.
Tamaşanın əsas ideyası ondan ibarətdir ki, birlik, dostluq və ağıl fiziki gücdən daha üstündür.
Oxunuş mərhələsində olan səhnə əsərinin quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamı Osman Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşu Kamil Ağazadə, rejissor köməkçisi Fazilə Rzayevadır.
Tamaşada Əməkdar artist Elmira Kərimova və aktyorlar Emil Həmidov, Məryəm Hüseynli, Sevda Cəlilova, Aynur Hümmətova, İlham Səfərli, Əjdər Zeynalov, Mətanət Əmirullayeva, Habil Xanlarov, Şəms Abdullayeva və Günəş Bağırova rol alıblar.























