Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi olub.

Festival Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

Universitetdən bildirilib ki, 2022-ci ildə “ADMİU 99+” layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə töhfə olaraq başlanan festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir. Festival ikinci ildir ki, respublika səviyyəsində keçirilir.

Builki festivala qatılan 22 tamaşadan 12-si ADMİU-nun, 10-u isə digər ali təhsil müəssisələrinin olub.

Açılış nitqi ilə çıxış edən ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi professor Ceyran Mahmudova “Pillə” Tələbə Tamaşaları Festivalının digər universitetlərin də həyatında izlər qoyduğunu bildirib, layihənin gələcək illərdə daha da genişlənəcəyinə, beynəlxalq səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

Münsiflər heyətinin sədri ADMİU-nun Teatrşünaslq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru professor İsrafil İsrafilov festivalın önəmindən danışıb, bir həftə davam edən festivalın çətin, amma bununla bərabər çox zövqlü təcrübə olduğunu deyib.

Sonra “Pillə 4” festivalının dördgünlük videoicmalı nümayiş olunub.

Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Teatrşünaslıq kafedrasının müdiri Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Teatrşünaslıq kafedrasının müəllimləri Aliyə Dadaşova, Aygün Süleymanova, Teatrşünaslıq kafedrasının məsləhətçi-professoru, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri dosent Vidadi Qafarov və başqaları çıxış edərək festivalın teatr sənətinin inkişafındakı rolundan danışıb, iştirakçılara uğurlar arzu ediblər.

Festivalda iştirak edən bütün kollektivlərə sertifikat və hədiyyələr təqdim edilib.

Sonra ADMİU-nun tələbə komandalarından gənc ekspertlər tərəfindən qalib seçilən kollektiv və tamaşanın adı açıqlanıb.

Ruslan İsmayılovun quruluşunda “Vəziri-xani-həngamə” tamaşası Gənc ekspertlərin mükafatına layiq görülüb. Xəzər Universitetinin tələbəsi Zəhra Fərəczadə, ADMİU-nun tələbəsi Nərmin Mustafayeva “Ən yaxşı ikinci plan qadın rolu”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Məhəmmədəli Məhərrəmli və ADMİU-nun tələbəsi Əli Davıdov “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyaları üzrə qalib seçiliblər. “Ən yaxşı kişi rolu”na ADMİU-dan Əfqan Sultan, Azərbaycan Tibb Universitetindən Mehman Rəhimli, “Ən yaxşı qadın rolu”na isə ADMİU-dan Heyran Abdullayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Xədicə Nəbizadə layiq görülüblər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova tələbələrin hələ təhsil zamanından bu cür festivallarda çıxışının onlar üçün böyük yaradıcı əhəmiyyətə malik olduğunu, səhnə təcrübələrinə malik olmaları üçün önəm daşıdığını bildirib.

Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin müdiri İntiqam Babayev bu cür yaradıcı festivalların tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə yeni nominasiyalardan biri olan “Ən yaxşı tələbə-rejissor işi” nominasiyası üzrə mükafat da təqdim edilib. Bu nominasiya üzrə ADMİU-nun tələbə-rejissoru Anar Atakişiyev “Laqeyd gözəl” tamaşasına görə qalib elan olunub.

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalını özündən əvvəlkilərdən fərqləndirən bir xüsusiyyət də “Festivalın xüsusi mükafatı” olub ki, bu mükafat münsiflər heyətinin yekdil qərarı ilə Qarabağ Universitetini təmsil edən komandaya təqdim olunub. 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva digər ali təhsil müəssisələri üçün “Ən yaxşı tamaşa” nominasiyasının qalibini açıqlayıb. Bu nominasiya üzrə Azərbaycan Dillər Universitetinin komandası Əsmər Həbiblinin quruluşunda “İnsan səsi” (J.Kokto) tamaşası ilə qalib gəlib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova ADMİU-nun tələbə komandaları arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. SABAH qruplarının “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası (Y.Zoyfer, quruluşçu rejissor: Mikayıl Mikayılov) qalib elan edilib.

Qaliblərə diplom, plaket, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.

Tədbir bədii proqramla başa çatıb.