Mayın 6-da Beynəlxalq Muğam Mərkəzinin (BMM) Cahangir Cahangirov adına Xoru Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Odlar Yurdunun sədaları” adlı konsert proqramı ilə çıxış edib.
BMM-dən verilən məlumata görə, proqramda Ümummilli Lider Heydər Əliyevin vaxtilə sevə-sevə dinlədiyi musiqi əsərləri yer alıb.
Xorun bədii rəhbəri Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifovanın işləməsində Fikrət Əmirov, Tofiq Quliyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Ramiz Mustafayev, Ramiz Mirişli və digər unudulmaz bəstəkarların əsərləri səsləndirilib.
Konsertdə xorun solistləri ilə yanaşı Xalq artisti Mehriban Zəki, Əməkdar artistlər Dilarə Əliyeva, Zakir Əliyev, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə, ifaçılar Nigar Cəlilova və Orxan Hüseynli çıxış ediblər.
Aparıcı Saleh Bağırovun təqdimatında keçən proqramda tamaşaçılar interaktiv şəkildə tədbirə qoşularaq mahnılardan parçalar ifa ediblər.
Kollektivi və ifaçıları Əməkdar artist Nərgiz Əliyeva (piano), Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qara Qarayev adına Kamera Orkestri (kiçik heyət) və nağarada Yusif Rüstəmov müşayiət edib.
Rəngarəng musiqi nömrələri, bədii təqdimatlar tamaşaçıların könlünü oxşayıb və alqışlarla qarşılanıb.

























