Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib.

Kitabxanadan bildirilib ki, tədbirdə “Duyma” Uşaq İnkişaf Mərkəzinin psixoloqu Aygün Hüseynova, hüquqşünas-mediator Zaur Quliyev, klinik psixoloq Heyran İbrahimli, “Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə, loqoped Günel Nağıyeva və tələbə-gənclər iştirak ediblər.

Kitabxananın direktoru Aslan Cəfərov giriş sözündə ailənin cəmiyyətin təməl sütunu olduğunu, sağlam və xoşbəxt cəmiyyətin formalaşmasının məhz sağlam ailələrdən başladığını bildirib. Azərbaycan ailəsinin əsrlər boyu milli-mənəvi dəyərlər üzərində qurulduğu, bu dəyərlərin təməlində isə sevgi, qarşılıqlı hörmət, sədaqət və anlaşma hisslərinin dayandığı vurğulanıb, müasir dövrdə texnologiyanın və sosial dəyişikliklərin təsiri ilə ailə münasibətlərində müəyyən çətinliklərin yarandığı diqqətə çatdırılıb. Direktor bu cür maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin ailə institutuna daha məsuliyyətli yanaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini deyib.

Psixoloq Aygün Hüseynova ailə münasibətlərinin psixoloji əsasları, ailədaxili emosional mühitin formalaşdırılması, düzgün ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi haqqında geniş məlumat verib. Bildirib ki, ailə münasibətlərinin möhkəmliyi və davamlılığı bir sıra mühüm psixoloji amillərin düzgün şəkildə qurulmasından asılıdır.

Klinik psixoloq Heyran İbrahimli müasir dövrdə baş verən sosial və texnoloji dəyişikliklərin ailədaxili münasibətlərə təsirindən bəhs edərək vurğulayıb ki, qloballaşma prosesi, informasiya texnologiyalarının sürətli inkişafı və insanların gündəlik həyat tərzinin dəyişməsi bir çox hallarda ailə üzvləri arasında canlı ünsiyyətin azalmasına səbəb olur. Lakin buna baxmayaraq, sağlam ailə münasibətlərinin qorunması üçün ən vacib amil yenə də səmimi və açıq ünsiyyətin qurulması, bir-birini dinləmək və anlamaq bacarığının inkişaf etdirilməsi, qarşılıqlı güzəştə getmək və emosional dəstəyin təmin olunmasıdır.

Hüquqşünas-mediator Zaur Quliyev ailə münasibətlərinin hüquqi aspektlərinə geniş şəkildə toxunaraq, nikahın bağlanması, valideyn və övlad münasibətlərinin tənzimlənməsi, uşaqların hüquqlarının qorunması, ailədaxili öhdəliklərin müəyyən edilməsi kimi məsələlərin qanunvericilik çərçivəsində dəqiq şəkildə müəyyənləşdirildiyini diqqətə çatdırıb.

“Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə uşaqların ailədə daim diqqət mərkəzində olmasının əhəmiyyətindən danışaraq valideyn, məktəb və ictimaiyyət tərəfindən göstərilən qayğı sayəsində bir sıra zərərli vərdişlərdən qorunmağın mümkün olduğunu bildirib. Uzun illər zərərli asılılıqdan əziyyət çəkən insanların nümunəsinə əsaslanaraq bu yoldan çəkinmənin iradə, əzm və ətrafın dəstəyi sayəsində mümkün olduğunu bildirib.

Sonda gənclərin sualları cavablandırılıb.