5 may Azərbaycanda “Xalçaçı günü”dür. Azərbaycan xalçaçılıq sənətinin tarixi əsrlərlə ölçülsə də, bu sənəti əl əməyi, göz nuru ilə yaşadanların peşə bayramı on il öncə təqvimə düşüb.
Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 may “Xalçaçı günü” peşə bayramı kimi təsis edilib.
Qeyd edək ki, hazırda “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 istehsalat sahəsi və 500-ə yaxın toxucusu var. Toxucuların təxminən 85 faizi bölgələrdə yaşayan xanımlardır.
Azərbaycanın ənənəvi xalçaçılıq sənəti bütün dünyada tanınır və 2010-cu ildə UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsini Reprezentativ Siyahısına daxil edilib.
Bu gün “Azərxalça”nın zərif sənət nümunəsi olan məhsulları müxtəlif ölkələrə ixrac olunur.
Əlamətdar gün ərəfəsində Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə 18 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.





















