Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə ADA Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandum “Dizayn həftəsi” çərçivəsində keçirilən görüşdə AzMUİ-nun rektoru Gülçöhrə Məmmədova və ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən imzalanıb. Sənəd daha əvvəl iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqavilələrinin davamı olaraq tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir.
Memorandum AzMİU və ADA Universiteti arasında dizayn sahəsində təhsil, elmi-tədqiqat və yaradıcı fəaliyyət istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər qrafik dizayn, media, mühit, sənaye və geyim dizaynı istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, elmi konfranslar, sərgilər və müsabiqələrin keçirilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.
Bu kontekstdə AzMİU-nun dizayn sahəsində beynəlxalq nailiyyətləri də xüsusi diqqət çəkir. Universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə yer alaraq dizayn sahəsi üzrə ölkə üzrə təmsil olunan yeganə, dünya üzrə isə ən yaxşı 250 ali təhsil müəssisəsindən biri kimi çıxış edib. Bu göstərici AzMİU-da formalaşmış güclü akademik mühitin, yaradıcı yanaşmanın və müasir tədris modelinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Memorandum çərçivəsində süni intellekt, rəqəmsal dizayn və multimedia sahələrində birgə fəaliyyətlərin təşviqi, sənaye və kreativ sektorla inteqrasiyalı layihələrin həyata keçirilməsi, startap və innovasiyayönümlü təşəbbüslərin dəstəklənməsi xüsusi diqqət mərkəzində olacaq. Bu əməkdaşlıq çərçivəsində şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, eləcə də birgə akademik proqram və kursların hazırlanması nəzərdə tutulur.





















