Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın xalça sənəti irsinə həsr olunmuş “İlmələrdə yaşayan tariximiz” adlı sərgi təşkil edilib.
5 may – Xalçaçı Günü ərəfəsində keçirilən tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər çıxış edənlər sərginin önəmindən söz açıblar.
Qeyd olunub ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir. Xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində musiqi nömrələri təqdim olunub, “Xəzri” rəqs qrupu çıxış edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyasını Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid xalçalar təşkil edir. Bu xalçalar 1987–1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı soydaşlarımız tərəfindən ən dəyərli əşyalar kimi qorunaraq Azərbaycana gətirilib, bu günədək milli irsimizin canlı nümunəsi kimi yaşadılıb.
Təqdim olunan xalçalar əsasən İrəvan xalçaçılıq məktəbinə aid olsa da, onların ornament və naxış sistemində Gəncə, Qazax və Naxçıvan xalçaçılıq məktəblərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyimizin dərin qatlarını əks etdirir.























