Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı bu ölkənin bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq məsələləri müzakirə olunub, müqavilələr bağlanıb.
NDU-dan verilən məlumata görə, əməkdaşlıq müqaviləsi imzalanan ali təhsil müəssisələrindən biri də Pekin Kimya Texnologiyaları Universitetidir.
Müzakirələr zamanı ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən birgə Süni intellekt mərkəzinin yaradılması imkanı nəzərdən keçirilib. NDU tələbələrinin Pekin Kimya Texnologiyaları Universitetində istehsalat və təcrübə proqramlarında iştirakının təmin olunması, eləcə də həmin universitetin professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə dəvət edilərək, tədris prosesində iştirakı məsələləri diqqət mərkəzində olub.
***
Naxçıvan Dövlət Universiteti Çin Elmlər Akademiyası ilə də əməkdaşlığa başlayır. NDU-nun magistrantları və doktorantları üçün Çində təhsil imkanı yaranır.
NDU-dan bildirlib ki, bu barədə Çin Elmlər Akademiyasının Fizika, Kimya və Texniki Elmlər İnstitutunun rəhbərliyi ilə keçirilən görüşdə ilkin razılığa gəlinib.
Görüş zamanı elmi tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələlər ətraflı müzakirə olunub. Müzakirələrin əsas istiqamətlərindən biri NDU magistrantlarının adıçəkilən institutda doktorantura təhsili imkanlarının yaradılması olub.
Həmçinin yaşıl enerji, nanomateriallar, quru və ekstremal iqlim şəraitində enerji və material texnologiyaları, kimya, fizika və tətbiqi fizika sahələrində ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri geniş şəkildə müzakirə olunub.























