Aprelin 29-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Nazirlərinin 7-ci Görüşü keçirilib.

“Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm sekroru üzrə rəhbər şəxsləri və nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında İƏT tədbirlərinin Şuşada keçirilməsinin xüsusi simvolik əhəmiyyət daşıdığını və şəhərin zəngin mədəni-tarixi irsi ilə Azərbaycanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini qeyd edib.

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycana səfər edən turistlərin mühüm hissəsi İƏT ölkələrinin payına düşür və bu maraq ölkələr arasında mövcud olan ortaq tarixi, mədəni və etnik bağlardan qaynaqlanır.

İƏT-in baş katibi Əsəd Məcid Xan çıxışında qeyd edib ki, regional turizmin inkişafı üçün dayanıqlı yanaşmaların tətbiqi, turizm təhsili üzrə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun prosesə daha fəal cəlb olunması və birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir.

Baş katib bu istiqamətdə atılan addımların üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, turizm potensialının daha səmərəli reallaşdırılmasına və sektorun dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.

Tədbir zamanı aparılan müzakirələrdə turizmin şaxələndirilməsi, ekoturizmin təşviqi, regional marşrutların inkişafı və üzv ölkələr arasında birgə təşəbbüslərin irəli sürülməsi məsələlərinə toxunulub.

Görüş çərçivəsində İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun bir gün öncə (28 aprel) Şuşada keçirilmiş 9-cu iclasının nəticələri təqdim olunaraq təsdiqlənib.

Bununla yanaşı, ekoturizm üzrə qabaqcıl təcrübələri əks etdirən toplu və turizmin şaxələndirilməsinə dair siyasət sənədi təqdim edilib.

Tədbirin əsas nəticələrindən biri olaraq üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən “Şuşa Bəyannaməsi” qəbul olunub.

Görüşdə Qazaxıstanın Aktau şəhərinin 2030-cu il üçün "İƏT-in Turizm Paytaxtı" olması da razılaşdırılıb.

***

Qeyd edək ki, "İƏT-in Turizm Paytaxtı" Azərbaycan mədəniyyətinin əbədi paytaxtı Şuşa şəhərinin son illərdə qəbul etdiyi sayca üçüncü belə missiyadır. Bundan öncə qala-şəhərimiz 2024-cü ildə “İslam Dünyasının Mədəniyyət Paytaxtı”, 2023-cü ildə isə "Türk Dünyasının Mədəniyyət Paytaxtı” olmuşdu.

Şuşadan sonra "İƏT-in Turizm Paytaxtı" estafetini isə 2027-ci ildə Pakistanın Lahor şəhəri qəbul edəcək. Bu barədə müvafiq qərar ötən ilin aprelində İƏT Turizm Nazirlərinin 6-cı Görüşündə (Ərzurum, Türkiyə) qəbul olunub. Ondan sonrakı iki il üçün də "Turizm paytaxt"ları artıq məlumdur: bunlar Türkmənistanın Marı (2028) və Qırğızıstanın Korakor (2029) şəhərləridir. Müvafiq razılıq 2025-ci ilin iyulunda Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə Görüşündə əldə olunub.

Xatırladaq ki, İƏT (Economic Cooperation Organization – ECO) 1985-ci ildə Türkiyə, İran və Pakistanın iştirakı ilə əsası qoyulan regional təşkilatdır. Hazırda təşkilata 10 müsəlman ölkəsi (Türkiyə, İran, Pakistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan) daxildir.