Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə gerçəkləşən qastrol proqramı Abşeron-Xızı regionu üzrə şəhər və rayonları da əhatə edir.

Aprelin 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi kollektivi – Dövlət Simli Kvarteti Xızı rayonunda çıxış edib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən bildirilib ki, Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərlərindən ibarət maraqlı proqram təqdim edilib.

Xatırladaq ki, bundan öncə Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Sumqayıtda (18 aprel) və Xırdalan şəhərində (11 aprel) konsert vermişdi. 

Aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyənləşdirilmiş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.