Bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, ictimai xadim Səməd Vurğunun 120 illik yubileyidir. Bu münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir.

Kitabxana tərəfindən hazırlanmış “Ömür və ədəbiyyat: Səməd Vurğun irsinə baxış” adlı videomaterialda şairin zəngin poeziyası, dramaturji fəaliyyəti və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr ətraflı şəkildə işıqlandırılır. Eyni zamanda, onun müxtəlif illərdə layiq görüldüyü orden və medallar, mükafatlar və fəxri adlar haqqında məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda Azərbaycanda təsis olunan “Xalq şairi” fəxri adına ilk dəfə məhz Səməd Vurğunun layiq görülməsi xüsusi vurğulanır. Vəsaitdə Ümummilli lider Heydər Əliyevin şairin irsinə göstərdiyi diqqət və qayğıdan, Səməd Vurğunun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs olunur. Videomaterialda şairin fotoşəkilləri və arxiv videomaterialları da izləyicilərə təqdim edilir.

Bununla yanaşı, kitabxananın saytında “Səməd Vurğun 120” adlı elektron resursların bazası yaradılıb. Bazada internet məkanında Səməd Vurğunun həyat və yaradıcılığı haqqında dərc edilən materiallar toplanır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxa bilərlər.