Türkiyənin Şanlıurfa vilayətində yerləşən və 12 min il əvvələ aid edilən dünyanın ən qədim monumental arxeoloji abidələrindən olan Göbəklitəpənin şimal hissəsində qazıntı işləri başlanıb.

Bu barədə məlumatı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy paylaşıb.

“Gələcəyə miras” layihəsi çərçivəsində aparılan səth araşdırmaları və geomagnetik ölçmələr yeni ərazidə iri ictimai tikililərin, dördbucaqlı planlı strukturların və daxmaların ola biləcəyini göstərir.

Qazıntılar yeni sahə ilə yanaşı, bəzi ərazilərində də paralel davam edir. Tədqiqatlar nəticəsində Göbəklitəpənin eramızdan əvvəl VIII minilliyə aid ikinci mərhələsinə aid dördbucaqlı tikililər üzə çıxarılıb.

Nazir Ersoy bildirib ki, Göbəklitəpənin müxtəlif hissələrində qazıntı, bərpa və mühafizə işləri kompleks şəkildə aparılır. Yeni qazıntı sahələrini nəzərə alaraq yenilənən piyada yollarının da yaxın zamanda ziyarətçilərin istifadəsinə açılması planlaşdırılır.

***

Xatırladaq ki, Göbəklitəpə arxeoloji kompleksi alimlər tərəfindən 1963-cü ildə aşkar edilib. 1995-ci ildə qazıntıların başlamasından sonra arxeoloqlar ərazidə Neolit dövrünə aid “T” formasında 3-6 metr hündürlüyündə və 40-60 ton ağırlığında heyvan təsvirləri olan artefaktlar tapıblar. 12 min il tarixi olan Göbəklitəpə kompleksi dünyada ən qədim meqalit (daş) tikililərdən biridir.

Arxeoloji abidə 2018-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına salınıb.

2019-cu ilin martında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə burada arxeoloji muzey kompleksi açılıb. Həmin il Türkiyədə “Göbəklitəpə İli” elan olunmuşdu.

Hər il Göbəklitəpəni yüz minlərlə turist ziyarət edir.