Son üç ay ərzində Qobustan Milli Tarix-Bədii Qoruğuna 40 minə yaxın ziyarətçi gəlib. Ziyarətçilərin əsas hissəsini Asiyanın müxtəlif ölkələrindən — Çin, Cənubi Koreya, Özbəkistan, Pakistan və Hindistandan, eləcə də Türkiyədən gələn turistlər təşkil edir. Bu ölkələrdən olan turistlərin Qobustana marağı xüsusilə böyükdür.
Qobustan Milli Tarix-Bədii Qoruğundan bildirilib ki, turistləri ilk növbədə minilliklərin izlərini özündə yaşadan qədim qayaüstü təsvirlər, mağaralar və tarixin müxtəlif dövrlərinə şahidlik edən abidələr cəlb edir.
Qədim insanların həyat tərzini, dünyagörüşünü və gündəlik yaşamını əks etdirən bu nadir nümunələr Qobustan səfərini sanki uzaq keçmişə açılan canlı bir pəncərəyə çevirir. Bu zəngin tarixi irsin UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsi isə Qobustanın beynəlxalq miqyasda tanınmasını və xarici turistlərin ona olan marağını daha da gücləndirir.
Qobustan ziyarətçilərə qədim insanların həyat tərzi və dünyagörüşü ilə yaxından tanış olmaq, tarixi abidələri canlı şəkildə görmək və sanki min illər əvvələ səyahət etmək imkanı yaradır. Məhz bu xüsusiyyətlərinə görə Qobustan Milli Tarix-Bədii Qoruğunu həm yerli, həm də xarici turistlər üçün Azərbaycanın ən maraqlı və əhəmiyyətli tarixi məkanlarından biridir.






















