Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib.

Qurultayın açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və folklor biliciləri iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə ölkəmizi “Qorqud” folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova, solist Çilənay Hüseynova bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Onları Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar), Ceyhun Muradov (kamança) və Əkbər Məmmədov (nağara) müşayiət ediblər.

Təmsilçilərimizin rəngarəng ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Üç gün davam edən etnofestival çərçivəsində konsert proqramları, süvari paradları, köçəri həyat və qədim döyüş sənəti ilə bağlı təqdimatlar, əl sənətləri sərgiləri, həmçinin arxeologiya və antropologiya sahələri üzrə elmi toplantılar təşkil olunub.

Qeyd edək ki, iki ildən bir keçirilən Böyük Hun-Türk Qurultayı türk xalqları və onların diaspor təşkilatları arasındakı birliyin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.