Aprelin 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Dirijor Fuad İbrahimovun idarə etdiyi konsertin solistləri Azərbaycanın və Türkiyənin iki tanınmış pianoçusu – Xalq artisti Yeganə Axundova və Dövlət sənətçisi Gülsin Onay olub.
Təqdim olunan proqram yüksək peşəkarlıq və zövqlü repertuar seçimi ilə dinləyicilərin rəğbətini qazanıb.
Konsertdən öncə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə çıxış edərək həm ifaçıların yaradıcılıq portretini, həm də səsləndiriləcək əsərlərin musiqi-estetik xüsusiyyətlərini diqqətə çatdırıb.
Proqram V.A.Motsartın “Divertisment” (F-dur) əsəri ilə açılıb. Ardınca bəstəkarın iki piano və orkestr üçün Es-dur konserti (üç hissədə) səsləndirilib.
Gecənin sonunda bis olaraq Sevda İbrahimovanın “Yenə güllər açıb” və Y.Bramsın “Macar rəqsi” əsərləri təqdim olunub. Bu musiqi nömrələri də konsertə xüsusi rəng qataraq dinləyicilərə unudulmaz təəssürat bəxş edib.
Konsertin tamaşaçıları arasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də olub.
Birol Akgün konsertdən sonra orkestr heyətinə və solistlərə yüksək zövqlü konsert proqramına görə təşəkkür edib. Səfir pianoçular Yeganə Axundova və Gülsin Onayın ifasını xüsusi qeyd edərək onlarla xatirə şəkli çəkdirib.
Türkiyənin Azərbaycandakı Səfirliyi də konsertlə bağlı sosial media hesabındakı paylaşımında Dövlət sənətçisi Gülsin Onayın Bakıda çıxışını məmnunluqla qeyd edib. “Sənəti ürəkləri oxşayan, zərifliyi və üstün ifası ilə böyük rəğbət qazanan Onay xanımı Bakıda görməkdən məmnun və qürur duyduq”, – deyə paylaşımda vurğulanır.

























