Aprelin 17-də “Naz” vokal ansamblı Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “O illərin nəğməsi” adlı konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl Əməkdar artistlər Elşən Rüstəmov və Dilarə Əliyeva səhnəyə çıxaraq ansamblın üzvlərinə yaradıcılıq uğurları arzulayıblar.
Sonra vokal ansamblın ifasında Azərbaycanın milli və retro musiqisindən seçilmiş əsərlər təqdim olunub.
Ansamblın üzvləri Xanımana Məmmədzadə, Firuzə Məmmədova, Əminə Hacıyeva, Sevil Əsədullayeva və Nigar Rüstəmova illərin unudulmayan melodiyaları, sevilən və yaddaşlara həkk olan mahnıları özünəməxsus ifalarla təqdim ediblər.
Səhnədə yeni səslər və yeni yanaşma tamaşaçıların alqışları ilə qarşılanıb.
Ansamblı fortepianoda Etibar Ərdəbili, bas gitarada Şəmsi Məmmədov, zərb alətində Əli Qurbanov müşayiət edib.
Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Rauf Hacıyev, Eldar Mansurov və digər sevilən bəstəkarların əsərlərindən ibarət proqram nostalji ruh, zərif harmoniyalar və canlı səhnə enerjisi ilə seçilib.
























