Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda (17-19 aprel) iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gəlib.

Dövlətimizin başçısı forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

İlham Əliyev Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırb.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub.

Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür edib.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.