Aprelin 13-də Qax rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilmiş “Mən səadət aşiqiyəm” adlı ədəbi-bədii gecə keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən (RMİ) bildirilib ki, Qax rayon Mərkəzi Kitabxana, Uşaq incəsənət məktəbi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyəti, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət, təhsil işçiləri, ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə böyük şairin həyat və yaradıcılığını əks etdirən “50 illik ömür – 100 illik sənət” adlı kitab sərgisi ilə tanış olublar.
Şəki-Zaqatala RMİ-nin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, şair, dramaturq və ictimai xadim, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən bu il fevralın 23-də Sərəncam imzalandığını diqqətə çatdırıb. Sərəncamın icrası ilə bağlı Qax rayonunun mədəniyyət müəssisələrində də silsilə tədbirlərin keçirildiyi bildirilib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Ahidə Əfəndiyeva çıxış edərək Səməd Vurğunun həyat və yaradıcılığından söz açıb, Azərbaycan ədəbiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.
Şairin həyat yolu və yaradıcılığından bəhs edən “Vurğun keçdi bu dünyadan” videoçarxı nümayiş olunub.
Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Aybəniz Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Abdulla Şahmir, Solmaz Elqızı, Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova, rayon ziyalısı Fərhad Hüryanov və başqaları Səməd Vurğun yaradıcılığı barədə danışıblar.
Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən şairin dillər əzbəri olan şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, İncəsənət məktəbinin xanəndəlik sinfinin şagirdləri şairin sözlərinə bəstələnmiş mahnılar oxuyublar.
























