Aprelin 25-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq. 

Teatrdan bildirilib ki, birhissəli səhnə əsərinə rejissor Ayla Osmanova quruluş verib.

Quruluşçu rəssam Nisə Həsənova, rejissor assistent Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, musiqi tərtibatı Aygül Quliyevaya aiddir.

Rolları Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova və Hüseyn Bayramov ifa edirlər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehrli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.