Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni tamaşanın nümayişinə hazırlaşır. 25-26 aprel tarixlərində teatrda “Bernarda Albanın evi” tamaşasının premyerası olacaq.
İspan yazıçı Federiko Qarsiya Lorkanın məşhur pyesinə Xalq artisti Aleksandr Şarovski səhnə quruluşu verib.
Tamaşada Xalq artisti Natalya Şarovskaya, Əməkdar artist Mələk Abbaszadə, eləcə də Olqa Arsentyeva, Dilarə Nəzərova, Səbinə Məmmədova, Səma Vəliyeva və Tamilla Abutalıbova rol alıblar.
Rejissor Aleksandr Şarovski tamaşa haqqında danışarkən deyib: “Bu, heyrətamiz bir pyesdir! O, sevgi və nifrət, qadın təbiətinin boğulması haqqındadır. Bu hekayə həbsxanaya çevrilmiş ev haqqındadır – axı evin xanımı həbsxana gözətçisi kimi çıxış edir. O, qızlarının sevməsinə imkan vermir və bütün bunlar faciə ilə başa çatır”.
Bu dramın janrını müəllifin öz vətənində “Fotorealizm” adlandırıblar. Burada sənədli dəqiqlik ədəbi bir üsul deyil, həyatın acı həqiqətidir: Lorka bu gün də rast gəlinən əxlaqi dəyərləri təsvir edib. Yüz il sonra da bu hekayə aktuallığını itirmir.





















