Cəbrayıl rayonunun yenidən qurulmuş Horovlu kəndində 33 il sonra Novruz tonqalı qalanıb, qədim el bayramı təntənə ilə qeyd edilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Aqrar tədarük və təchizat” ASC-nin birgə təşkilatçılığı ilə 17 mart tarixində kənddə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil olunub.
Festivala mədəniyyət işçiləri, sənətçilər də qatılıblar.
Cəbrayıl şəhəri, Cocuq Mərcanlı və Horovlu kəndlərinin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyun və səhnəciklər təqdim edilib, instrumental heyət, xanəndə və aşıqlarların ifasında konsert proqramı keçirilib.
Kənd təsərrüfatı məhsullarının və əl işlərinin yarmarkasında müxtəlif bölgələrdən fermerlərə və investorlara satış imkanı yaradılıb.
Qonaqlar sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitkisi sayılan çirişotu kətəsinin dadına baxıblar.
Kəndirbazlar, pəhləvanlar, yumurta boyayanlar və digərlərinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan “Yallı” rəqsi ilə başa çatıb.


























