Martın 17-də Ağstafa şəhərindəki Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon bayram tədbiri təşkil edilib. Tədbir Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) rayon üzrə müəssisələrinin yaxından iştirakı ilə gerçəkləşib.
Qazax-Tovuz RMİ-dən verilən məlumata görə, əvvəlcə parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin rəsm və əl işləri sərgilərinə baxış keçirilib.
Məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında Bahar qızı, Novruz personajları Keçəl və Kosanın iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət bədii kompozisiyalar, idman klublarının nümunəvi çıxışları nümayiş olunub.
Dövlət Himnimizin səslənməsindən sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.
Ümumrayon tədbirini bayram səhnəsindən açıq elan edən RİH başçısı Seymur Orucov hər kəsi təbrik edərək bildirib ki, Novruz bayramı insanların bir-birinə qayğı və hörmətlə yanaşmasını təşviq edir, gəlişi ilə evlərə, ailələrə şadlıq gətirir. Artıq altıncı ildir ki, qalib xalqımız bu bayramı yüksək əhval-ruhiyyə, sevinc və fərəhlə qarşılayır. Bu gün bayram tonqalları suveren Azərbaycanımızın hər nöqtəsində, o cümlədən doğma Qarabağda şölə saçır. Azad olunmuş torpaqlarımıza, əzəli ata-baba yurdlarına qayıdan insanlar bayramlarını qürur hissi ilə qeyd edirlər.
İcra başçısı vurğulayıb ki, ölkəmizin hər bölgəsinin abadlaşdırılması, müasir sosial və digər infrastrukturların qurulması, eyni zamanda mədəni irsin, tarixi və memarlıq abidələrinin qorunması dövlət siyasətinin mühüm istiqamətləridir. Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xalqımızın tarixini, mədəniyyətini, həyat tərzini, milli-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Ümumrayon tədbiri Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının geniş bayram konserti ilə davam edib.
























