Azərbaycanın zəngin tarixi, mədəni irsi və müasir inkişaf mərhələlərini müxtəlif dillərdə dünya oxucu auditoriyasına təqdim edən “İRS” beynəlxalq jurnalının italyanca ("İRS-Patrimonio") yeni nömrəsi nəşr olunub.

Jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində Azərbaycan və İtaliyanın tarixi köklərə əsaslanan münasibətlərinin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, eləcə də mədəni diplomatiyanın bu əlaqələrin inkişafında oynadığı mühüm rol diqqətə çatdırılır.

Nömrənin aktual materiallarından biri italiyalı jurnalist və geosiyasi analitik Domenico Letizia tərəfindən qələmə alınmış “İtaliya və Azərbaycan: strateji tərəfdaşlığın yeni yolu” sərlövhəli məqalədir. Müəllif yazısında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və keçirdiyi görüşlər, eləcə də İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edir. Bu yüksək səviyyəli təmasların enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik baxımından əhəmiyyəti vurğulanır.

Jurnalda diplomatik və mədəni jurnalistika üzrə ekspert Rossella Fabianinin “Azərbaycan və Müqəddəs Taxt-Tac: sülhün memarlığı kimi irs diplomatiyası” adlı məqaləsi də yer alıb. Yazıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfərləri, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında mədəni-humanitar əməkdaşlığın inkişafında oynadığı mühüm rol geniş şəkildə işıqlandırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan ərazisində həyata keçirilən bərpa layihələrinin dinlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanır.

Memarlıq və mədəni irs mövzusuna həsr olunmuş bölmədə “ArtCloud Network International” şirkətinin kreativ direktoru, mədəniyyət marketinqi üzrə ekspert Fabrizio Continin məqaləsində Ağdamdakı "İmarət" kompleksi, Gəncə memorial kompleksi və Şuşadakı tarixi-mədəni abidələrin yenidən qurulması prosesi təqdim edilir.

“Qarabağ” bölməsində Rizvan Hüseynovun məqaləsində Gəncəsər monastır kompleksinin Qafqaz Albaniyasına məxsus dini-memarlıq abidəsi olduğu elmi mənbələr və tarixi faktlar əsasında təqdim edilir. Yazıda ermənilər tərəfindən Gəncəsər Alban kilsəsinin mənşəyinin saxtalaşdırılması, onun erməni-qriqorian irsi kimi təqdim edilməsi cəhdləri konkret faktlarla ifşa olunur.

Britaniyalı tədqiqatçı İan Peartın  “Azərbaycanın qara qızılı – Tanrının hədiyyəsi, qəhrəmanların əməyinin bəhrəsi” adlı məqaləsində "Neft daşları"nın tariximdən və dənizdə neft hasilatından bəhs edir.

“İRS”in italyan dilində yeni nömrəsində Azərbaycanın multikulturalizm ənənələri, müxtəlif din və xalqların ölkədə dinc şəraitdə birgəyaşayışı, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, milli musiqi məktəbinin formalaşmasındakı müstəsna rolu, onun irsinin dünya mədəniyyətindəki yeri və s. mövzularda məqalələr də dərc edilib.