Prezident İlham Əliyev martın 4-də “Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamla adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61 min 847 manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etmək, Mədəniyyət Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Qeyd edək ki, gənc istedadlar üçün xüsusi təqaüd Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1997-ci il tarixli 662 nömrəli Sərəncamı ilə təsis edilib. Həmin sərəncam isə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq verilib.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2368 nömrəli Fərmanı ilə “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında” Əsasnamə təsdiq edilib.

Əsasnamədə qeyd edilir ki, “Qızıl kitab” və təqaüd mədəniyyət sahəsində xüsusi qabiliyyəti olan 10 yaşdan 25 yaşadək Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün dövlət qayğısını təmin etmək məqsədilə təsis olunub.

Əsasnaməyə uyğun olaraq, şəxsin adının “Qızıl kitab”a yazılması və ona təqaüdün verilməsi ilə bağlı müraciət namizədin təhsil aldığı təhsil müəssisəsi və ya işlədiyi dövlət qurumu tərəfindən Mədəniyyət Nazirliyinə təqdim edilir. Müraciətlərə nazirlik tərəfindən yaradılan Ekspert Komissiyası baxır. Nazirlik Ekspert Komissiyasının qərarı ilə təsdiq edilmiş namizədlərin siyahısını, hər bir namizədin Əsasnamənin müvafiq bəndində göstərilən tələblərə uyğunluğu barədə arayışı təqdimatla birgə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Gənc istedadlar üçün aylıq təqaüdün məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

2007-ci ilədək təqaüdün məbləği 200 manat (denominasiyadan öncə 1 milyon köhnə manat), 2007-ci ildə 300 manat, 2018-ci ildə isə 400 manat müəyyən edilib.

Təqaüd şəxsə onun adı “Qızıl kitab”a yazıldığı tarixdən, hər dəfə 3 il müddətinə təyin edilməklə, 25 yaşına çatanadək aylıq verilir.

Göstərilən yaş həddi nəzərə alınmaqla, 3 illik müddət başa çatdıqdan sonra şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsi Əsasnamənin müvafiq bəndində nəzərdə tutulmuş qaydada qiymətləndirildikdən sonra, ona növbəti 3 il müddətinə təqaüd təyin edilir. Şəxsin 25 yaşı tamam olduqda, eləcə də şəxs müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirmədikdə təqaüdün verilməsi dayandırılır.

Xatırladaq ki, 2025-ci ildə gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Mədəniyyət Nazirliyinə 98 min 794 manat məbləğində vəsait ayrılmışdı.