Martın 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında vətənpərvərlik mövzusunda şagirdlərlə görüş keçirilib.

Kitabxanadan verilən məlumata görə, tədbirdə 44 günlük Vətən müharibəsi veteranı Abbas Qasımov, şairə Güləmail Murad, “Sübhnur” tədris və inkişaf mərkəzinin rəhbəri Gülnarə Hüseynova, rəssam Kəmalə Ağayeva, “Sərhədçi” tədris mərkəzinin müəllimi Səbinə Əzizova iştirak ediblər.

Çıxışlarda vətənpərvərliyin gənc nəslin mənəvi formalaşmasında mühüm rolu vurğulanıb, milli kimliyin qorunması və inkişafında ədəbiyyatın əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatı tarix boyu xalqımızın azadlıq ideallarını, vətən sevgisini, milli-mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən əsas mənəvi dayaqlardan biri olub. Klassik və müasir ədiblərimizin yaradıcılığında vətən mövzusu aparıcı xətt təşkil edib, Azərbaycan ədəbiyyatı vətənpərvərlik ideyalarının formalaşmasında, milli şüurun inkişafında və dövlətçilik ənənələrinin təbliğində ideoloji və mənəvi mənbədir.

Şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və rəqslər ifa edilib. Səsləndirilən nümunələrdə vətənə sevgi, torpağa bağlılıq, qəhrəmanlıq və milli qürur motivləri ön plana çəkilib.

Qonaqlar şagirdlərin vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərə də baxıblar. Uşaqlar bu rəsmlərdə vətən anlayışını necə dərk etdiklərini ifadə ediblər.

Tədbirin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli-mənəvi dəyərlərimizə bağlılığının möhkəmləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə daha yaxından tanış edilməsi olub.