Müasir dövrdə süni intellekt, xüsusilə generativ süni intellekt və böyük dil modelləri bütün sektorlarda məhsuldarlığı inqilabi səviyyədə artırmaq potensialına malikdir. Qlobal süni intellekt bazarının həcminin növbəti onillikdə trilyonlarla dollar olacağı proqnozlaşdırılır.
Daha vacib trend isə dövlətlərin “suveren süni intellekt” konsepsiyasına artan diqqətidir. Bu, dövlətlərin xarici texnologiyalardan asılı olmadan, öz milli infrastrukturları, məlumat ehtiyatları və insan kapitalı vasitəsilə süni intellekt modelləri yaratmaq və idarə etmək qabiliyyətidir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda bildirilir.
Qeyd olunur ki, “suveren süni intellekt”in inkişafı rəqəmsal müstəqillik, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir və dövlət idarəetməsində səmərəliliyin artırılması, qərarvermə proseslərinin optimallaşdırılması və iqtisadiyyatın (neft-qaz, kənd təsərrüfatı və s.) şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Lakin bu imkanlardan tam faydalanmaq və rəqəmsal suverenliyi təmin etmək məqsədilə Azərbaycan dilində böyük dil modellərinin yaradılması və bunun üçün zəruri olan yüksək performanslı hesablama güclərinə strateji investisiyalar tələb olunur.
Fəaliyyət planına əsasən, 2028-ci ilin dekabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (əsas icraçı qurum) tərəfindən Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AMEA (tövsiyə olunur) və digər aidiyyəti dövlət orqanları (qurumları) cəlb edilməklə təbii Dil Emalı texnologiyalarının tətbiqi və Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq, dövlət xidmətlərində Sİ əsaslı interaktiv virtual köməkçilərin tətbiqi ilə xidmətlərin fasiləsiz rejimdə əlçatanlığının təmin ediləcək.
Azərbaycan dili üzrə Böyük Dil Modelinin yaradılması üçün texniki yol xəritəsi hazırlanacaq və azı 5 dövlət orqanında (qurumunda) data əsaslı həllərin pilot olaraq tətbiq edilməsi, Azərbaycan dili üzrə Böyük Dil Modelinin istifadəyə verilməsi; Sİ əsaslı virtual köməkçilər vasitəsilə fasiləsiz göstərilən dövlət xidmətlərinin payının 40 faizə çatdırılması təmin ediləcək.
Fəaliyyət planında dövlət orqanları (qurumları) tərəfindən rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələrinin hazırlanması (əsas fəaliyyət göstəriciləri qeyd edilməklə) və icrasının təmin edilməsi; yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qadağan olunmuş məzmunun Sİ vasitəsilə avtomatik aşkar edilməsi sistemlərinin tətbiqi; İKT sahəsində müstəqil fəaliyyət göstərən mütəxəssislər (frilanserlər) üçün hüquqi çərçivənin və vergi güzəştlərinin formalaşdırılması; xarici ölkələrin İKT layihələrinin və yüksək texnologiya startaplarının, eləcə də bu sahədə çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması və digər məsələlər də əksini tapıb.
***
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 27-də həmçinin "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.



















