Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu fevralın 18-də Qax şəhərində keçirilib.

Qəbuldan əvvəl Adil Kərimli və rayonun icra başçısı Elvin Paşayev Ümummilli lider Heydər Əliyevin Qax şəhərindəki abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarından vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Sakinlərin müraciətləri əsasən iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını deyib.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.