Fevralın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Xalq artisti İsmayıl Hacıbəyovun (1949–2006) musiqi və libretto müəllifi olduğu “Firuzə” operasının konsert-tamaşası keçirilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən konsert-tamaşada dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılıq irsində xüsusi yer tutan, lakin zamanında natamam qalmış opera ideyasının yeni səhnə həyatı ilk dəfə olaraq tamaşaçılara təqdim edilib.

Əvvəlcə çıxış edən Xalq artisti, Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının professoru Ülviyyə Hacıbəyova bildirib ki, əsərin səhnə həyatı qazanması milli musiqi mədəniyyətimizin inkişafı və zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Vurğulayıb ki, bu layihə dahi bəstəkarın yaradıcılıq ideyalarına ehtiramın ifadəsi olmaqla yanaşı, milli opera ənənələrinin müasir bədii-estetik düşüncə ilə sintezinin uğurlu nümunəsidir.

Konsert-tamaşa Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Tofiq Şıxıyev, Roza Səlimova və Nüşabə İsadır.

Rolları Əməkdar artist İnarə Babayeva (Firuzə), Fəhmin Əhmədli (Polad), Mahir Tağızadə (Şah), Fatimə Cəfərzadə (Əzizə), Əməkdar artist Tural Ağasıyev (Vəzir), Aytac Şıxəlizadə (Xanəndə qız, Firuzənin qulluqçusu), Hidayət Əliyev və Orxan Cəlilov (keşikçilər) səsləndiriblər.

“Firuzə” saf məhəbbətin, mənəvi gücün və taleyin sınaqlarının musiqili salnaməsidir. Operanın III və IV şəkillərinin orkestrləşdirilməsi bəstəkar Rüfət Xəlilova, şeirlərin mətni Xalq şairi Cabir Novruza məxsusdur.