Görkəmli folklorşünas-alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin (1946–2025) 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
AMEA-nın Folklor İnstitutundan bildirilib ki, “Elxan Məmmədli: sazın, sözün və ömrün harmoniyası” adlı tədbirdə alimin Azərbaycan folklorşünaslığına, xüsusilə aşıq yaradıcılığının tədqiqinə verdiyi töhfələr və zəngin elmi irsi yüksək qiymətləndirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbir çərçivəsində mərhum alimin elmi fəaliyyətini əks etdirən kitab sərgisi təqdim olunub.
Folklor İnstitutunun direktoru Hikmət Quliyev çıxış edərək Elxan Məmmədlinin folklora “yaşayan sistem” kimi yanaşdığını və Borçalı folklorunun toplanması və tədqiqində mühüm xidmətlər göstərdiyini vurğulayıb. Qeyd edib ki, onun tərtibçisi olduğu və nəşrə hazırladığı “Borçalı folklor örnəkləri”nin iki cildi, eləcə də “Azərbaycan folklor külliyyatı”nın 30-cu cildində yer alan Borçalı dastanları bu sahədə fundamental mənbələrdir.
Vurğulanıb ki, Elxan Məmmədlinin topladığı “Koroğlu” dastanının “Ağcaquzu” qolu folklorşünaslıq baxımından xüsusi əhəmiyyət daşıyır. Alim bu qolu eyni söyləyici – ustad aşıq Aslan Kosalıdan 1989, 2006 və 2012-ci illərdə üç fərqli variantda qeydə alaraq nadir elmi material ortaya qoyub. Bu fakt şifahi ənənənin dinamik təbiətini və performansın zaman-mühit kontekstində dəyişkənliyini aydın şəkildə nümayiş etdirir.
Tədbirdə alimin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Filologiya elmləri doktoru, professor Asif Hacıyev “Elxan Məmmədli: aşıq yaradıcılığının mahir bilicisi”, Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri dosent Tacir Səmimi “Unudulmaz Elxan müəllim”, Filologiya elmləri doktoru Şakir Albaliyev “Təcnis yaradıcılığının poetikası (E. Məmmədlinin tədqiqatlarında)” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin dosent İlhamə Qəsəbovanın “Elxan Məmmədli Borçalı-Qazax aşıq dastanlarının toplayıcısı, naşiri və tədqiqatçısı kimi”, Əli Şamilin “Elxan Məmmədli və İran türklərinin folkloru”, dosent Altay Məmmədlinin “Xoş avazlar unudarmı Elxanı?!” adlı məruzələri dinlənilib.
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev Borçalı mahalının – Faxralı mühitinin ədəbi-mədəni ənənələrindən söz açıb və alimin şair Nəbinin yaradıcılığının toplanılması və öyrənilməsi sahəsindəki xidmətlərinə nəzər yetirib. O qeyd edib ki, XX əsr bu torpağa dörd folklorşünas alim bəxş edib: Valeh Hacılar, Elxan Məmmədli, Arif Acaloğlu və Asif Hacılı. Məruzəçi bildirib ki, bu “dördlük” yalnız elmi tədqiqatları ilə deyil, həm də folklor xəzinəsinin toplanması, qorunması və sistemləşdirilməsi istiqamətində gördükləri işlərlə milli-mədəni yaddaşın zənginləşməsinə mühüm töhfə veriblər.
Əməkdar jurnalist Tahir Talıblı çıxışında Elxan Məmmədlinin folklorşünaslıq sahəsindəki dərin elmi təhlillərini və Azərbaycan xalq mədəniyyətinin qorunub inkişaf etdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərini qeyd edib.
Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin əməkdaşları Həlimət Məmmədova və Sahibə Paşayeva mərhum alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda alimin qardaşı Eldar Məmmədli çıxış edərək tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib və Elxan Məmmədlinin elmi irsinin yaşadılmasının böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
























