Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 8–11 may tarixlərində “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək.

Festival Azərbaycan teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etmək məqsədi daşıyır. Festival çərçivəsində müxtəlif teatr kollektivlərinin çıxışları, ustad dərsləri və panel müzakirələr təşkil olunacaq.

Mayın 8-də festivalın açılış mərasimindən sonra Naxçıvan teatrının səhnəsində Azərbaycan Dövlət Pantomima Teatrının təqdimatında N.V.Qoqolun “Şinel” əsəri əsasında hazırlanmış tamaşa göstəriləcək.

9 may tarixində festival çərçivəsində “Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi” mövzusunda ustad dərsi keçiriləcək. Dərs Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov tərəfindən aparılacaq. Həmin gün daha sonra “Teatr marketinqi – XXI əsr” mövzusunda panel müzakirə təşkil olunacaq. Paneldə rəqəmsal iqtisadiyyat üzrə ekspert Təhməsib Quluzadə çıxış edəcək. Axşam saatlarında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında M.F.Axundovun “Müsyö Jordan” tamaşası nümayiş olunacaq.

10 may tarixində Türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin “Ana” tamaşası təqdim olunacaq.

Mayın 11-də festivalın bağlanış mərasimi və Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş etdiriləcək.

“Şərqin qapısı” Teatr Festivalı həm peşəkar teatr xadimləri, həm də sənətsevərlər üçün əlamətdar bir mədəniyyət hadisəsi kimi yadda qalacaq.