1-3 may tarixlərində Bakıda “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Beynəlxalq Xalça Festivalı keçirilir.

Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Bakı Biznes Mərkəzində keçirilən açılış mərasimində çıxış edən “Azərxalça” ASC-nin idarə heyətinin sədri Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, artıq ənənəvi xarakter alan festival həm yerli ictimaiyyət, həm də xarici qonaqlar üçün mühüm müzakirə və təcrübə mübadiləsi məkanıdır. Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşür, xalça sənətinin beynəlxalq bazara çıxışı, eləcə də əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparırlar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Rüfət Mahmud bildirib ki, tədbirdə tərəfdaş qismində iştirak etmək onlar üçün böyük məmnunluq doğurur. Builki proqramın daha zəngin və maraqlı olacağını bildirən R.Mahmud hər kəsi bu ab-havanı yaxından izləmək üçün İçərişəhərə dəvət edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan xalçaçılıq sənəti xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsidir və bu sənətin qorunması, inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, ölkəmizdə xalçaçılığın yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə ardıcıl layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir.

Fesrival çərçivəsində “Xalça sənayesi: dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusunda beynəlxalq forum da təşkil olunub. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirib. İkinci dəfə təşkil olunan forum əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi istiqamətində mühüm platforma hesab olunur.

Festivalın proqramına xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər də daxildir.

***

Beynəlxalq Xalça Festivalı çərçivəsində mayın 2-də İçərişəhərdə yürüş təşkil edilib. Şirvanşahlar sarayından Qoşa Qala meydanına qədər davam edən yürüşdə rəsmilər, Milli Məclisin deputatları və diplomatik korpusun nümayəndələri iştirak ediblər. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Rüfət Mahmud bildirib ki, artıq üçüncü dəfə təşkil olunan bu beynəlxalq festival insanları bir araya gətirərək İçərişəhərdə xüsusi ab-hava, sevgi və ilham yaradır. 

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Emin Məmmədov çıxışında bildirib ki, festivalının keçirilməsi xalçaçılıq sənətinə göstərilən diqqət və qayğının nümunəsidir. O qeyd edib ki, “Azərxalça” ASC-nin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən istehsalat sahələrində 500-ə yaxın toxucu çalışır və onların təxminən 85 faizini qadınlar təşkil edir.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev də bu cür festivalların ənənə halını almasının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında bildirib ki, festival milli-mədəni irsimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. 

Tədbir konsert proqramı ilə davam edib.

Festival çərçivəsində Qoşa Qala meydanı 11 ölkənin milli pavilyonlarının nümayiş olunduğu və konsert proqramlarının keçirildiyi əsas mərkəzə çevrilib.