Lənkəran Dövlət Dram Teatrı yeni səhnə əsərini sənətsevərlərə təqdim edib. Mayın 1-də teatrda “Gülşən və Küpəgirən qarı” tamaşasının premyerası keçirilib.
Bu barədə teatrdan məlumat verilib.
Nağıl-tamaşanın quruluşçu rejissoru Günay Səlimsoy, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Zəminə Əliyeva, rejissor köməkçisi Nuranə Nəcəfovadır.
İki heyətlə hazırlanan tamaşada rolları Qızılgül Quliyeva, Şəbnəm Hüseynova (Nənə), Məleykə Cəfərova, Günel Bağırova (Gülşən), Ayşən Əsədova, Vəfa Hacızadə (Küpəgirən qarı), Aysel Babazadə, Gülər Kərimova (Aybəniz), Teymur Hacızadə, Səyad Əliyev (Elşən), Cəfər Səlimov, Elvin Məmmədov (Sənan) oynayırlar.
Gülşənin dostları ilə meşəyə getməsi, nənəsinin xəbərdarlığına baxmayaraq təhlükə ilə üzləşməsi və Küpəgirən qarının hiyləsinə düşməsi tamaşanın əsas xəttini təşkil edir.
Dostluq, cəsarət və birlik sayəsində uşaqlar Gülşəni xilas etmək üçün mübarizə aparırlar. Xeyirin şər üzərində qələbəsini və böyüklərin sözünə qulaq asmağın vacibliyini vurğulayan səhnə əsəri dinamik süjeti, maraqlı səhnə həlli və tərbiyəvi məzmunu ilə seçilir.





















